BANK TARİXİ

“PARABANK” ASC-nin mətbuatda bank haqqında yazılan məlumatlarla bağlı BƏYANATI
31 İyul 2015

Son vaxtlar bəzi KİV-lərdə “Parabank” ASC ilə bağlı bankın nüfuzuna xələl gətirən məlumatlar yayılmaqdadır. Bu mətbuat orqanları tərəfindən bankda guya yoxlamaların aparıldığı və yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxilolmalarla bağlı sənədlərin saxtalaşdırılması, digər cinayət əməllərinin aşkarlanması və bankın fəaliyyətinin hər an dayandırıla biləcəyi ilə bağlı əsassız məlumatlar yer almaqdadır.

Məlumat üçün bildiririk ki, “Parabank” ASC ölkəmizdə ilk açılan özəl banklardan biridir, 1991-ci ildən fəaliyyət göstərir. Bankın aktivləri 178 milyon manat, kredit portfeli 122 milyon manat, əmanət portfeli isə 80 milyon manat təşkil edir. Əhalinin əmanətlərində davamlı artım əhalinin banka olan etimadını göstərir. Bankın məcmu kapitalı 53 mln. manat təşkil edr. Bank mənfəətlə fəaliyyət göstərir. Bankın strateji planına uyğun olaraq filial şəbəkəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir. Yaxın perspektivdə Tovuz, Lənkəran və digər ərazilərdə yeni xidmət şəbəkələrinin açılmasını planlaşdırılır. Müştəri məmnuniyyətini daha da artırmaq məqsədi ilə təqdim olunan kredit məhsulları üzrə faiz dərəcələri aşağı salınıb, xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq üzərində işlər davam etdirilir.

“Parabank” ASC ilə bağlı əsasssız məlumatlar və iddialar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır.

Bəzi KİV-lərdə 2015-ci il iyun ayının 22-də “Bakıda inanılmaz bank fırıldağı – “Parabank”la “KİA”nın gizlətdiyi 40 milyon, intihar, həbs…” başlığı altında dərc olunan məlumatda “KİA Motors AZ” MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsaitin “Parabank” ASC-nin “Nəsimi” filialında uçota alınmadan vergidən gizlədilməsi, bankla bu MMC-nin həmin pulların qanunsuz dövriyyəsilə məşğul olması və bu yolla çirkli pulları leqallaşdırması barədə fikirlər yer alıb.

Bildirmək istəyirik ki, “Parabank”ın minlərlə müştərisindən biri kimi, “KİA Motors AZ” MMC-nin bankımız vasitəsilə apardığı əməliyyatlar və bankla münasibətləri Azərbaycan Respublikası qanunvericiliyinin tələblərindən kənara çıxmayıb.

“Parabank” ASC-də yüzlərlə hüquqi şəxslərə bank xidməti göstərir və müvafiq hesabatlıq müxtəlif dövlət orqanlarına, o cümlədən vergi orqanlarına müştərilərin özləri tərəfindən təqdim olunur. Bank, bu hesablarda aparılan əməliyyatlara müdaxilə etməyə səlahiyyətli deyil və qanunla onları məxfi saxlamağa borcludur.

Bundan başqa, “Kia Motors Az” MMC-nin “Parabank”da saxlanılan vəsaitdən pul köçürmələrində istifadə olunması, yaxın adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılması ilə bağlı iddialar da əsasızdır. Bank müştərilərinin kreditləşdiməsi üçün bank kifayət qədər sərbəst resursa malikdir.

Yazıda “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğlu Əşrəf Səfərovun bankın “Nəsimi” filialında rəhbərlik etməsi kimi fikirlər yer alır. Bununla bağlı bildiririk ki, qeyd olunmuş şəxslər bankın səhmdarları və rəhbərliyində təmsil olunmur.

Qeyd olunanlarla yanaşı, manatın məzənnə korreksiyasından sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank” ASC-nin illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb” kimi həqiqətə uyğun olmayan fikirlər yer alıb. Bununla bağlı bildiririk ki, qeyd olunan cinayət işinin bankın fəaliyyətinə və işçilərinə heç bir aidiyyatı yoxdur. Bankda hansısa cinayət işi ilə bağlı yoxlamalar aparılmayıb və hazırda da aparılmır.

Bəzi saytlar tərəfindən “Parabank” ASC-nin mövqeyi öyrənilmədən, qeyri-qanuni və jurnalist etikasından kənar olan bu tip dezinformasiyaların yayılmasından təəssüf hissi keçirir və media mənsublarını peşə prinsiplərinə riayət etməyə çağırırıq. Bir daha bəyan edirik ki, reallığa söykənməyən, heç bir fakta əsaslanmayan, bankın rəsmi mövqeyini öyrənmədən qeyri-obyektiv, qərəzli məlumat yayan mətbuat orqanları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı məhkəməyə müraciət ediləcək.



ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.